Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy yayda PSV-yə baş məşqçi təyin olunacaq.
"Unikal" "De Telegraaf"a istinadən xəbər verir ki, keçmiş hücumçu ilə danışıqlar müsbət yekunlaşıb. 46 yaşlı mütəxəssis Eyndhoven komandasına rəhbərlik etməyə razılıq verib. Tərəflər qalan bütün məsələləri yayda yoluna qoyacaqlar.
Hazırda van Nistelroy PSV-nin gənclərdən ibarət komandasına rəhbərlik edir. Lakin klub rəhbərliyinin fikrincə, o, əsas kollektivin sükanı arxasına keçməyə hazırdır.
Qeyd edək ki, Rud van Nistelroy PSV strukturunda 2016-cı ildən çalışır. Onun aktivində Niderland millisində də iş təcrübəsi var. O, yığmada baş məşqçinin köməkçisi kimi çalışıb. Futbolçu qismində isə van Nistelroy yerli "Den Boş", "Herenven", PSV, İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Hamburq", İspaniyanın "Real Madrid" və "Malaqa" komandalarının formasını geyinib.