ASAPES-in idman menecmenti ixtisası üzrə 2 magistrantı Böyük Britaniyanın Koventri universitetində təhsillərini davam etdirərək hər iki ali təhsil ocağının diplomunu alacaqlar.
"Unikal" xəbər verir ki, bundan əlavə, Koventri universitetində semestri bitirdikdən sonra tələbələr Strateji Liderlik və İdarəetmə, Peşəkar Konsultasiya üzrə beynəlxalq sertifikat əldə edəcəklər.
Bu ölkəmiz adına böyük uğurdur, həmçinin ASAPES tərəfindən inkişaf istiqamətində görülən işlərin məntiqi nəticəsidir. İki magistrantımızın xaricdə təhsil alması perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin ölkəmizdə idman əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi deməkdir. Belə bir fəaliyyət gələcəyə hesablanmış əməkdaşlığın təməlidir.
Qeyd edək ki, ASAPES-in Koventri Universiteti ilə əməkdaşlığı Koventri Universitetin “İdman menecmenti” magistr proqramının standartını tanıması və müvafiq kreditləri qəbul etməsi nəticəsində mümkün olub. Adı çəkilən təhsil standartı Tübingen Universitetinin professoru, Avropa İdman İqtisadçılar Assosiasiyasının təsisçisi, ASAPES-in beynəlxalq konsultantı Tim Pavlovski tərəfindən dünya və Avropa standartlarına uyğun olaraq 2020-ci ildə yenidən tərtib edilib.