Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
"Unikal" xəbər verir ki, yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda Rudik Mkrtçyanla üz-üzə gələcək.
Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0.
İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə qarşılaşacaq.
Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda erməni David Ovasapyan 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq.