Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.
"Unikal" xəbər verir ki, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.
İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb. Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edildi və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb.
Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov "Unikal"a bildirib ki, Fəvvarələr Meydanı, Nizami küçəsi və digər mərkəzi ərazilərdə 10 illərlə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin əksəriyyəti özəldir və burada baş verənlərin məsuliyyətini sahibkar özü daşıyır: "Özəl obyektlərin fəaliyyətini nəzarətdə saxlayan vergi və s. qurumlar var. Mərkəzdə isə yeni obyektlərin tikintisi isə mümkün deyil. Baş verən hadisə ilə bağlı bəzi insanlar popurist çıxışlar edib özlərinə siyasi dividend qazanmaq istəyirlər".
O bildirib ki, dünyanın əksər şəhərlərinin mərkəzlərindəki ictimai-iaşə obyektlərinin sayı Bakıdakından dəfələrlə çoxdur: “İnsanlar paytaxtın mərkəzində istirahətə üstünlük verirlər. Ölkəmizdə sahibkarlar və iş adamlarına lazımı dəstək göstərilir. Onların obyektlərində xeyli işçi çalışır ve göstərilən dəstək daha çox iş yerlərinin açılmasına kömək olacaq. Əsas məsələ sahibkarların məsuliyyətli olmaları və tələb edilən qaydalara riayət etmələridir”.
Monitorinqlərin ilk olaraq Bakının mərkəzi ərazisində və yaradılan digər qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət obyektlərində aparılması nəzərdə tutulub.
Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlar üçün müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.
Ağarza Elçinoğlu