İsmayıllı Rayon Polis Şöbəsinin sabiq rəisi, hazırda "Çinar Avtoparkinq" MMC-nin direktoru olan Nizami Qocayev daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edib.
"Unikal"ın məlumatına görə, o müraciətində bildirib ki, "Çinar Avtoparking" MMC 02 dekabr 2019-cu ildən qanuni şəkildə fəaliyyət göstərir. Nizami Qocayevin sözlərinə görə, şirkət tərəfindən bütün işçilərin əmək haqqlarından Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilir, bundan əlavə ƏDV və mənfəət vergisi ödənilir:
"Bütün bunlara baxmayaraq Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov tərəfindən fəaliyyətimizə qeyri-qanuni müdaxilələr olunur. 1 aprel 2022-ci ildən bu günə qədər dəfələrlə ərazidə xidmət edən işçilərimiz 37-ci Polis Şöbəsinə aparılaraq orada onlara təzyiq göstərilir, 5-8 saata qədər müddət ərzində şöbədə saxlanılır. Onların barəsində qeyri-qanuni olaraq İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə (qanunsuz küçə ticarəti) protokol tərtib olunaraq 80 manat cərimə olunurlar. Bununla da polis əməkdaşları tərəfindən törədilən qeyri-qanuni fəaliyyət nəticəsində müəssisəmizə, işçilərimizə, bələdiyyələrə və dövlətə külli miqdarda zərər dəyib. Onların bu hərəkəti bu gün də davam etdirilir və bizim əməkdaşlarla əldə olunan vəsaiti onların razılığı əsasında danışıqlar aparılmasına və əldə olunan vəsaitin bölünməsini təklif edirlər.
Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq müəssisəmizin fəaliyyətinə qanunsuz müdaxiələlərin qarşısını almaqdan ötrü və təqsirkar polis əməkdaşlarının barəsində qanuni tədbir görülməsini Sizdən xahiş edirəm", - deyə N.Qocayev ərizəsində bildirib.
Murad İbrahimli