Rusiyanın maliyyə naziri Anton Siluanov Braziliyadan olan həmkarlarından Moskvanın Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və G20 kimi qurumlarda maraqlarını qorumağa kömək etməyi xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.
Bildirilib ki, müraciət məktubu Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Paulo Quedesə ünvanlanıb.
Rusiya rəsmisi müraciətində bildirib ki, bu strukturlar Rusiyanın qərarların qəbulunda iştirakını məhdudlaşdırmaq və təsirini azaltmaq üçün "pərdəarxası" işlər görür. Ölkəyə qarşı siyasi ittihamlar səsləndirilir, beynəlxalq maliyyə qurumlarında ayrı-seçkilik cəhdləri edilir ki, bu da hamıya mənfi təsir edəcək.
Siluanov izah edib ki, Rusiyanın hazırda yaşadığı iqtisadi və maliyyə sektorlarında yaranmış təlatüm dövrü Qərb ölkələrinin görünməmiş sanksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, böhranın uzunmüddətli nəticələri ola bilər, ona görə də onun həlli üçün birgə tədbirlər görülməlidir.
Ağarza Elçinoğlu