Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və AZƏRTAC İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin həyatına həsr edilən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Qeyd edib ki, Heydər Əliyevin AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən biri Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub.
Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Həmçinin Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onun lider kimi yetişməsinə səbəb olan vacib amillərdəndir. Millət vəkili vurğulayıb ki, Heydər Əliyevin həyat yolu müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin yetişməsində vacib rol oynayıb.
Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd edib.
Tədbirdə çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevin müasir tarixdə, həmçinin dünya tarixində xidmətlərinin misilsiz olduğunu vurğulayaraq Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tanınmış jurnalist Tural Müseyibov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Tədbir digər çıxışlarla davam edib.