Mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 17 may 2022-ci il tarixində Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.