İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib. Ağdam şəhərində baş tutan iclasda içməli və tullantı su, eyni zamanda, yağış suları sistemlərinin layihəsi təqdim edilib, ətraflı müzakirələr aparılıb.
"Unikal" xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli bildirib ki, layihə hazırlanarkən əhalinin içməli suya tələbatı, şəhərin sənaye və turizm imkanları nəzərə alınıb. Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılıb və “Ağıllı su” layihəsi hazırlanır.
Layihəyə əsasən Ağdam şəhəri içməli su ilə yeraltı su mənbəyindən təmin olunacaq və bu məqsədlə ilkin mərhələdə 3 kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb. Quyuların məhsuldarlığı tələbatı ödəməyə imkan verəcək və suyun keyfiyyəti standartlara tam uyğundur. Ümumilikdə şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə 24 quyunun qazılması, quyu zonasının əsas və alternativ (generator) elektrik enerjisi ilə təminatı layihələndirilib. Subartezianlardan qəbul olunacaq su relyef baxımından yüksəkilikdə yerləşən anbarlarda toplanacaq və yaşayış məntəqələrinə özüaxımlı rejimdə ötürüləcək. Şəhərdə paylayıcı su şəbəkəsinin yaradılması, şəbəkə üzərində yanğın hidrantlarının, siyirtmələrin quraşdırılması layihədə öz əksini tapıb, eləcə də hər bir abonentin məsafədən oxunan elektron sayğacla təminatı təklif edilib.
İclasda Ağdam şəhərinin tullantı və yağış sularının idarə edilməsi ilə bağlı hazırlanmış layihə də təqdim olunub. Bildirilib ki, kanalizasiya-yağış infrastrukturunun qurulmasında da müasir texnologiyalardan istifadə olunacaq. Layihəyə uyğun olaraq Ağdam şəhərində formalaşan tullantı suları məhsuldarlığı sutkada 30 min kubmetr layihələndirilən bioloji tipli qurğuda təmizləndikdən sonra texniki və suvarma məqsədilə təkrar istifadəyə qaytarılacaq.
Təqdim olunan layihədə şəhərin yağış sularının 2 hövzəyə ayrılmaqla idarə olunması nəzərdə tutulur. Yağış sularının da hər bir hövzədə tikiləcək anbarda toplanaraq təkrar istifadə olunması planlaşıdırılır.
Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış suları sistemləri vahid mərkəzdən idarə olunması layihələndirilib. Subartezianların məhsuldarlığı, anbarların səviyyəsi, suyun keyfiyyət göstəricilərinə SCADA sistemi ilə nəzarət olunacaq, şəbəkənin hidravlik tənzimlənməsi onlayn rejimdə həyata keçiriləcək.
İclasda layihə ilə bağlı geniş müzakirələr aparılıb, səsləndirilən təkliflərin layihədə nəzərə alınması tövsiyə olunub.
Qeyd edək ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra “Azərsu” ASC tərəfindən məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib. Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusu qazılıb, su xətləri inşa olunub.