Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib.
"Unikal" xəbər verir ki, sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və digərləri iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgi iştirakçılarını salamlayaraq, universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgtürənlərin qarşılıqlı- faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki, hədəf olaraq gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.
Sərgidə ADNSU-nun “Gənclik” Mahnı və Rəqs Ansamblının ifasında xalq rəqsləri ifa olunub, tələbələr müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı, prorektorlar, tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar və təcrübə proqramları barədə məlumat veriblər.
Sərgi zamanı universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov həmçinin, "career.asoiu.edu.az" saytı haqqında da məlumat verib. O bildirib ki, tələbələr sərgidə şirkətlər tərəfindən təqdim olunan vakant iş və ya təcrübə yerləri, iş imkanları barədə saytdan daha ətraflı məlumat əldə edə bilərlər.