Bu gün Qazaxda şəhid Məmməd Mərdanovun doğulduğu Xanlıqlar kəndində adını əbədiləşdirən bulağın açılışı olub
"Unikal" xəbər verir ki, bütün şəhidlərimiz kimi, 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək Şəhidlik zivəsinə yüksələn Mərdanov Məmməd Ələddin oğlunun da adı əbədiləşdirilib.
Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub. Mayın 23-də qəhrəman şəhidimizin adını daşıyan həmin bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə çalışdığı Qazax Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, kənd ağsaqqalları, ziyalıları, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.