Dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyevlə bağlı bəzi təfərrüatlar məlum olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb.
Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.
Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyinin bilinmədiyi ortaya çıxıb.
Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.
Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.
***
14:06
25.11.2021-ci il tarixdə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
***
10:41
Daxili İşlər Nazirliyi Sabirabad rayonunun Ətcələr kəndi ərazisində rayonun Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq ölməsi barədə məlumatın saxta olduğunu müəyyənləşdirib.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.
R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.