Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərinə səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Niyazi Bayramov qədim tarixə malik olan Gəncə şəhərinin sosial-iqtisadi potensialı və mədəni həyatı haqqında qonağa geniş məlumat verib.
Mişel Pitersman səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib və vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfir səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarını və sənaye müəssislərini ziyarət edəcək.