31 may – 09 iyun 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasının Koreya hökuməti və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən seçilmiş “Azərbaycan üçün Gömrükdə İnformasiya və Kommunikasiya Texnologiyaları Potensialının Genişləndirilməsi” layihəsi çərivəsində təlimlər keçirilib.
"Unikal" xəbər verir ki, Koreya qurumları tərəfindən 20 nəfər gömrük xidməti əməkdaşı üçün təşkil edilmiş təlimlər onlayn formatda – “Zoom” platforması, KOICA-nın “CIAT-ON” e-learning platforması və digər virtual resurslar vasitəsilə keçirilib.
Koreyanın Hanlim Universitetinin professoru Kanq Çeol Hvanın rəhbərlik etdiyi təlimin həyata keçirilməsini Azərbaycan tərəfindən layihə koordinatoru Elvin Mecidov və Koreya tərəfindən layihə koordinatoru, “Kumtree” şirkətinin CEO-su Han Sunq Ryunq təmin ediblər.
Təlimlərin başlanması üzrə orientasiya sessiyasında Akademiyanın rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov açılış nitqi ilə çıxış edərək İKT-nin cəmiyyətin həyatının hər bir sahəsində, o cümlədən təhsildə artan rolundan və bu sahənin daim inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. Akademiyanın icraçısı olduğu KOICA təlim proqramı layihəsinin Koreya hökuməti tərəfindən seçilməsinə görə Koreya tərəfinə öz təşəkkürünü bildirən Qulu Novruzov, 2022-2024-cü illəri əhatə edən təlimlərin Azərbaycan gömrük orqanlarının İKT sahəsində kadr potensialının gücləndirilməsinə mühüm töhfələr verəcəyindən əmin olduğunu qeyd edib.
Daha sonra KOICA-nın Potensialın Genişləndirilməsi Proqramı şöbəsinin baş direktoru, xanım So-yunq Kimin iştirakçılara müraciəti nümayiş etdirilib.
Tədbirdə Azərbaycanda gömrük sistemində İKT sahəsində cari vəziyyət, nailiyyətlər, çağırışlar, prioritetlər, ehtiyaclar kimi əsas məsələləri əhatə edən, Akademiyanın koordinasiyası ilə hazırlanmış Ölkə Hesabatı Azərbaycan tərəfindən layihə üzrə məsul şəxs Elvin Mecidov və DGK-nın İnformasiya Sistemləri və Texnologiyalar İdarəsinin rəis müavini Turqut Vəliyev tərəfindən təqdim edilib.
Təlimlərdə Koreyanın müxtəlif qurumları ilə yanaşı ABŞ-ın Karolina Universitetinin, Hanlim Universitetinin professorları, ekspertləri və əməkdaşları tərəfindən Koreyanın texnoloji inkişaf dövrləri, Koreya gömrük sektorunun tarixi, KGX-nin ixraca və elektron kommersiyaya dəstək siyasətləri, Dördüncü Sənaye İnqilabı, Tək Pəncərə sistemi və gömrük idarəetməsi, Koreya gömrük sistemində data analitikası və süni intellekt idarəetməsi, beynəlxalq təşkilatlar və qrantlar üçün layihə təkliflərinin hazırlanması və mövzu üzrə digər önəmli sahələri əhatə edən Təlimlərin əsas hissəsini Ölkə Hesabatının təqdimatı, mövzu üzrə təlim iştirakçıları tərəfindən Fəaliyyət Planlarının hazırlanması, onlarla bağlı komanda işləri və müzakirələr təşkil edib.
əlimlərdə gömrük əməkdaşları tərəfindən ümumilikdə 4 qrup üzrə Azərbaycan gömrük sisteminin İKT-nin müxtəlif istiqamətlərində inkişafı məqsədilə əhəmiyyətli layihələrin həyata keçirilməsinə zəmin yaradan 4 fəaliyyət planı təqdim edilib.
Sonda təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, icra müddəti 2022-2024-cü illəri əhatə edən layihə çərçivəsində 3 il ərzində bütövlükdə 60 nəfər gömrük xidməti əməkdaşının Koreyada və Azərbaycanda əyani, eləcə də virtual formatda müxtəlif mövzularda keçiriləcək təlim, seminar, mühazirə və konsultasiya sessiyalarında iştirakı nəzərdə tutulub.