Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiqi” mövzusunda növbəti seminar keçirilib.
"Unikal" xəbər verir ki, seminarda Universitetin müxtəlif fakültələrindən 50-dən artıq professor-müəllim heyəti, o cümlədən, kafedra müdirləri N.Məmmədov, M.Hacıyev, A.Məmmədova, F.Lətifov, rektorun müşaviri İ.Mərdanov iştirak ediblər.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri N.Məmmədov və İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti K.Ağayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Samirə Əkbərova “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiqi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, təqdimatında dərsin maraqlı, müasir tələblər səviyyəsində və keyfiyyətli təqdim olunması, tələbələr tərəfindən daha tez mənimsənilməsi üçün tətbiq etdiyi yeni metodikadan danışıb, öz təcrübəsini bölüşüb.
Təqdimatdan sonra seminar iştirakçıları mövzu ətrafında qızğın müzakirələr aparıb, öz fikirlərini bildiriblər və ortaya çıxan suallara aydınlıq gətiriblər.
Qeyd olunub ki, silsilə seminarların keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsulların düzgün tətbiqi istiqamətində müəllimləri maarifləndirmək, tədrisin metodikasına yeni yanaşmalar, eyni zamanda müəllimlər tərəfindən təcrübə mübadiləsinin təmin olunmasıdır. Növbəti seminarların Universitetin İnşaat və Nəqliyyat fakültələrində keçirilməsi nəzərdə tutulub.