Dövlət Gömrük Komitəsinin Akademiyasında 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki,tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə giriş nitqi ilə çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Müstəqilliyin ilk iki ilində ölkədə ciddi siyasi və iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edən Q.Novruzov xalqın təkidli çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtmasının Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi kimi daxil olduğunu bildirib. Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan qüdrətli bir dövlətə çevrildiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademiya rəisi Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinin məhz Ümummilli lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan həyata keçirilən genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başladığını vurğulayıb.
Çıxışının sonunda Qulu Novruzov ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyərək xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edib, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini prof. Cəmilə Namazova Ulu Öndərin misilsiz tarixi xidmətləri barədə danışaraq, Ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu, dahi şəxsiyyətin sərt və çətin sınaqlardan keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan lider olduğunu qeyd edib. Cəmilə Namazova Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması baxımından bu cür tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra tədbirdə tələbələrin Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, dövlətimizin quruculuğunda, möhkəmləndirilməsində və inkişafında dahi öndərin müstəsna xidmətləri mövzusunda məruzələri dinlənilib