Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) 2024-cü il müqaviləsinin müddəti bitdikdən sonra Rusiya və Belarusla əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, təşkilatın saytında verilən məlumata görə, bu qərar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar qəbul edilib.
“CERN İkinci Dünya Müharibəsindən sonra xalqları dinc elm naminə birləşdirmək üçün yaradılıb. Üzv dövlətlər Təşkilatın əsas dəyərlərinin hər zaman dünyada hərəkətverici qüvvə kimi transsərhəd elmi əməkdaşlığa əsaslandığını qeyd edərək, bir ölkənin digər ölkəyə qarşı təcavüzünün bu dəyərlərə zidd olduğunu vurğulayıblar. Bununla da CERN-in Rusiya Federasiyası və Belarus Respublikası ilə beynəlxalq əməkdaşlığa dair müqavilələrinin müddəti 2024-cü ildə başa çatdıqdan sonra ləğv etmək niyyətindədir”, - deyə məlumatda bildirilir.
Təşkilat həmçinin vəziyyəti yaxından izləyəcəyini və "hər hansı əlavə tədbir görəcəyini" vurğulayıb.
Qeyd olunur ki, CERN ilə müqavilələr beş il müddətinə imzalanır və tərəflərdən biri müqavilənin bitməsinə ən azı altı ay qalmış əməkdaşlığa xitam verilməsi barədə yazılı bəyanat təqdim etmədikdə avtomatik olaraq eyni müddətə uzadılır. Rusiya ilə müqavilə 2024-cü ilin dekabrında, Belarusla isə həmin ilin iyununda başa çatır.
Xatırladaq ki, aprel ayında Rusiya Cənubi Ukrayna Atom Elektrik Stansiyasına raket zərbələri endirib.
Gülayə Mecid