Hesablama Palatasının sədrinin maaşı artırılır.
"Unikal" xəbər verir ki, bununla bağlı “Hesablama Palatası haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Nəticədə Hesablama Palatasının sədri 9450 manat maaş alacaq.
Qüvvədə olan qanunda qeyd edilib ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Digər bir dəyişikliklə isə Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.
Qanunlara dəyişikliklər qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev