Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi artıq ənənə halına çevrilib. Şəhər rəhbəri ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sakinlərin yaşadıqları ərazilərdə görüşərək, onları narahat edən məsələlərlə yerində tanış olur.
"Unikal" xəbər verir ki, növbəti belə görüş, 18 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə ətraf ərazidə yaşayan sakinlər iştirak ediblər.
Görüşdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 18 nömrəli məktəbin məzunlarının şəkillərinin yer aldığı lövhənin önünə tər çiçəklər düzülüb.
Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, qaz və su sayğaclarının quraşdırılması, ev növbəliliyi, şəhərin bir sıra ərazilərində asfalt yol örtüyünün yenilənməsi və digər məsələlər təşkil edib.
Görüşdə sakinlərə şəhərdə mövcud olan yolların asfaltlanması məsələsinin nəzarətdə saxlanıldığı bildirilib. Qeyd olunub ki, Gəncə şəhərində içməli su və çirkab su xətlərinin yenilənməsi məqsədi ilə "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi icra olunur. Sözügedən layihə çərçivəsində işlər "Azərsu" ASC-nin sifarişi ilə “Azəraqrartikinti” ASC tərəfindən görülür. Gəncə şəhərinin küçə və prospektlərinin, məhəllə və qəsəbədaxili yollarının asfaltlanması, abadlıq işlərinin görülməsi də sözügedən layihəyə paralel şəkildə aparılır. Belə ki, təkrar qazıntı işlərinin aparılmaması üçün layihənin icra edilmədiyi və ya tam yekunlaşmadığı ərazilərdə asfalt və bərpa işlərinin görülməsi məqsədəuyğun hesab edilmir. "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində işlərin tam başa çatdırıldığı bir sıra küçə və prospektlərdə isə cari il ərzində asfalt işlərinin görülməsi nəzərdə tutulmuşdur.
Sakinlər tərəfindən dilə gətirilən bir çox məsələ yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.
Qeyd edək ki, keçirilən görüşlərin əsasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu dayanır.