Vaşinqton Rusiya xarici agentliklərinin əməkdaşlarını vətənə aparmalı olan Rusiya dövlət aviasiyasının xüsusi reysinin ABŞ-a gəlməsinə icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyətinin bu cür itaətsiz davranışı cavabsız qalmayacaq:
"Amerika tərəfi onsuz da acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətləri sistematik şəkildə pozmaqda davam edir. Vaşinqton Rusiya dövlət aviasiyasının ABŞ-a xüsusi reysinin gəlməsinə icazə verməməklə ölkəmizə qarşı növbəti düşmən addımını göstərdi. Co Bayden administrasiyası mahiyyət etibarı ilə bunun humanitar aksiya olduğunu tamamilə görməzliyə vurdu. Bizim təyyarə ABŞ-ı bu ayın sonuna kimi tərk etməli olan həmkarlarımız üçün uçmalı idi"-deyə Zaxarova əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Amerika hakimiyyətinin bu cür meydan oxuyan davranışı cavabsız qalmayacaq:
"Əvvəlcə xəbərdar etdiyimiz kimi, Rusiya xüsusi təyyarəsinin buraxılmasından imtina edildiyi təqdirdə, əks tədbirlər qaçılmaz olacaq, o cümlədən asimmetrik xarakter daşıyacaq və bu barədə diplomatik kanallar vasitəsilə vaxtında məlumat verəcəyik", - Zaxarova şərhində bildirib.
Gültəkin Ələsgər