"Deputatların maaş artımına yanaşma kökündən qüsurludur. Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə - 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
O bildirib ki, dəyişiklik qəbul olunsa, sıravi deputatların maaşları hər aylıq əlavələri də nəzərə alınmaqla 7455 manata yüksələcək.
"Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olarsa, bu məbləğdə maaş tam normal qarşılana bilər. Hamı bilir ki, bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var. Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatlara yaradıcı, analitik və deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır. Amma hamı bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir. Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər və müsahibələrində qeyd edirlər. Təkrar edirəm ki , mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim.
Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Seçicilərinin hamısı da bunu bilir. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır?
Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə, həm biznesindən gəlirlər əldə edəcək, həm də 7455 manat dövlətdən alacaq.Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər".