18 İyun 2022-ci il tarixindən etibarən İsveçrənin paytaxtı Cenevrədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının nizamnaməvi görüşləri start götürüb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də bu beynəlxalq konfransda iştirak edib. Ümumilikdə, 18-24 İyun tarixlərində həm Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının XXIII Baş Assambleyası, həm də Nümayəndələr Şurasının görüşləri keçirilib.
"Unikal" xəbər verir ki, Baş Assembleyanın gedişatı zamanı AzQAC-ın nümayəndə heyətinin rəhbəri Novruz Aslanov çıxış edərək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) baş katibi cənab Jagan Chapaqainin maliyyə hesabatının təqdimatına dair öz fikirlərini və münasibətini bildirib. Daha sonra Azərbaycan Milli Cəmiyyətində gənclərin həmişə diqqət mərkəzində olduğunu və rəhbərlik tərəfindən daim dəstək aldıqlarını diqqətə çatdırıb. Tədbirlərin gedişatı zamanı Novruz Aslanovun ikitərəfli görüşləri də olub. Görüşlərdə Milli Cəmiyyətlər arasında mövcud olan qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi müzakirə edilib. Eyni zamanda, ikitərəfli görüşlər zamanı İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında humanitar fəaliyyətlərdə ikitərəfli əməkdaşlığın və əlaqələrin gücləndirilməsi üçün Anlaşma Memorandumu imzalanıb.
22 iyundan Nümayəndələr Şurası öz plenar iclaslarına başlayıb. Qeyd edək ki, Nümayəndələr Şurasının iclasları Beynəlxalq Federasiya, Beynəlxalq Qızıl Xaç Komitəsi və 192 Milli QXQA Cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə hər 2 ildən bir keçirilir və 2 gün ərzində davam edir.
Nümayəndələr Şurasının plenar iclasının gündəliyindəki əsas məsələlər “Hərəkatdaxili əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsi”, “İqlim və ətraf mühit”, “Şəhərlərdə münaqişə”, “Sevilya müqaviləsinin nəzərdən keçirilməsi” kimi mövzularda irəli sürülmüş qətnamələrin müzakirəsi olub. Azərbaycan QAC-ın nümayəndə həyəti müvafiq mövzular ətrafında çıxışlar edərək, qeyd olunan qətnamələri dəstəklədiklərini bildiriblər. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov “Hərəkatın kollektiv təsirini artırmaq üçün Sevilya Sazişinin və onun Əlavə Tədbirlərinin nəzərdən keçirilməsi”, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev “Şəhərlərdə Münaqişə”, gənc nümayəndə Nigar Rüstəmzadə isə “Miqrasiya üzrə Hərəkatın strategiyası ” mövzusunda çıxışlar ediblər. İrəli sürülmüş qətnamələr Nümayəndələr Şurası iştirakçılarının səs çoxluğu ilə qəbul olunub.
Novruz Aslanovun Beynəlxalq Federasiyanın Baş katibi Jagan Chapaqain ilə də görüşü olub. AzQAC ilə Beynəlxalq Federasiya arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirən Novruz Aslanov qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində Beynəlxalq Federasiya ilə işləməyə daim hazırdır. Görüş zamanı işğaldan azad edilmiş ərazilərə donorların cəlb edilməsi mövzusu da müzakirə edilib. Eyni zamanda Novruz Aslanov Birləşmiş Ərəb Əmirliklərinin Milli Cəmiyyətinin nümayəndə heyəti ilə də görüşüb, potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin qurulması və Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib.