“Bu həftə ərzində 104 Çağrı Mərkəzinə 780-ə yaxın müraciət daxil olub. Əksər müraciətlər “borcu ödəmişəm, qaz təchizatı təmin olunsun” xarakterli olub.
"Unikal" xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 104 Qəza-çağrı xidmətinin şöbə rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında deyib.
Şöbə rəisi təəssüflə qeyd edib ki, daxil olan müraciətlərin məzmunu sərfiyyata görə qazın pulunu ödəməyən abonentlərin sayının çox olmasını göstərir: “Abonentlər heç də borcunu tam ödəmir. Məsələn, 300 manat borcu varsa, onun 50 və ya 100 manatını ödəyir və dərhal tələb edir ki, onun qazı bərpa edilsin.
Halbuki, həmin borc bir ay ərzində olan borc deyil. Bu abonentlərdən çox xahiş edərdim ki, 3-4 aylıq borcu saxlamasınlar, az-az ödəsinlər. Borc ödənəndən sonra qaz təchizatı bir iş günü ərzində bərpa olunur. Bəzən abonent yarım saat əvvəl borcu ödəyib, zəng vurub qaz təchizatının açılmasını tələb edir”,- deyə Xalidə Şimşək bildirib. Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov isə sosial şəbəkələrdə guya abonentlərə artıq sərfiyyatın göstərilməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Departament rəisi bildirib ki, qısa müddətdə yanlış istiqamətləndirilmiş 5 min abonent "ASAN Kommunal" mərkəzlərinə müraciət etsə də, deyilənlərin şayiə olduğu təsdiqini tapıb.
Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə media nümayəndələrinə qazlaşma prosesindəki mövcud vəziyyətlə bağlı ətraflı izahat verib. Şöbə rəisi işlərin nəzərdə tutulan plan üzrə icra səviyyəsinin qənaətbəxş olduğunu deyib. Dəqiqləşdirilməmiş informasiyaları dövriyyəyə buraxan bəzi media orqanlarını korporativ maraqlarına görə qınayan Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev eyni zamanda, qaz təsərrüfatındakı nöqsanları ictimailəşdirən mətbu orqanlara və QHT nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin cümə günü, saat 11:00-da SOCAR “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur.