"Bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğulara vaxtaşırı texniki xidmət göstərilmədiyindən və havaya normadan artıq tullantı atıldığından əhalidə narahatlıq yaradan bu vəziyyətin aradan qaldırılması üçün iaşə obyektlərində növbəti monitorinq və nəzarət tədbirləri keçiriləcək, səyyar laboratoriya vasitəsilə yerində ölçmə işləri aparılacaq".
Ekologiya və Təbii Sərvətər Nazirliyinin rəsmisi Nazim Mahmudov "Unikal"a bildirib ki, iyulun 1-dən etibarən təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğu yoxlanılacaq.
O qeyd edib ki, havaya atılan tullantıların miqdarı yol verilən qatılıq həddini keçərsə, bu obyektlərin istismarçıları barəsində qanunamüvafiq tədbirlər görüləcək və həmin obyektlər nəzarətə götürüləcək: "İaşə obyektlərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu bir daha yoxlasınlar, səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işlərində nümayəndələrinin iştirakını mütləq təmin etsinlər".
N.Mahmudovun sözlərinə görə, atmosferə atılan tullantıların norma həddində olması və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə əvvəlcədən yerli icra hakimiyyətlərinə, ictimai-iaşə obyektlərinin istismarçılarına xəbərdarlıq məktubları göndərilib, təmizləyici qurğulara texniki xidmət göstərilməsi üçün obyekt sahiblərinə bu ayın sonunadək vaxt verilib.