Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunub.

"Unikal" xəbər verir ki, rayon ərazisində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra hərbi hissənin həyətində Türk-Azərbaycan şəhidlərinin adına salınmış Şəhidlər Bağı ziyarət olunub, vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün igidlərimizin ruhuna dualar oxunub. 

Hərbi Hissənin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Korpus komandiri, general-mayor Kənan Seyidov çıxış edərək ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, silahlı qüvvələrimizin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, döyüş meydanında əldə edilən qələbədən danışıb. Bildirilib ki, ölkəmizdə ilk nizami hərbi hissə 1918-ci il iyunun 26-da yaradılıb. Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanıb. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 

Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Silahlı qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji isiqamətlərindəndir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Bütün görülən işlərin nəticəsidir ki, bu gün silahlı qüvvələrimiz Qafqazın ən müasir ordusu hesab olunur.  Azərbaycanın 44 günlük Vətən Müharibəsində zəfər qazandığını vurğulayan başçı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib. 

Çıxışlardan sonra şəhid ailələri tərəfindən Vətən Müharibəsinin 4 iştirakçısına cənab Prezidentin müvafiq sərəncamları ilə təltif olunan medallar təqdim olunub. Eyni zamanda, RİH tərəfindən fəaliyyətində fərqlənən bir qrup hərbçiyə Fəxri Fərmanlar və hədiyyələr verilib. Bundan sonra tanınmış incəsənət nümayəndələrin iştirakı ilə konsert proqramı baş tutub.

Konsertdən sonra şəhid ailələri əsgərlərlə birgə əsgər yeməyinin dadına baxıb, onlarla xatirə şəkili çəkdiriblər.

***
Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqının zəfər qazandığı Vətən Müharibəsinin abşeronlu şəhid övladlarına musiqili-əyləncəli tədbir proqramı təşkil edilb. Abşeron Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına mədəniyət və istirahət Parkının təşkilatçalığı ilə ümummilli liderin adını daşıyan parkda baş tutan tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Parkın müdiri Aksana Həsənova, 50-yə yaxın şəhid övladı və ailəsi iştirak edib. Abşeron Mədəniyət Mərkəzinin kollektivinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib. 
Daha sonra bütün şəhid övladlarına hədiyyələr təqdim olunub.

Sonda şəhid övladları dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını verən şarları havaya uçurublar. Tədbirdən sonra parkın ərazisində yerləşən əyləncə mərkəzində şəhid övladlarının istirahəti təşkil edilib.