26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonda fəaliyyət göstərən hərbi hissə nümayəndələrinin bir qrupunu qəbul edərək, onları fəxri fərman və hədiyyələrlə təltif edib.
"Unikal" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı aparatının müavinləri və şöbə müdürləri iştirak edib. Əvvəl Vətən müharibəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Süleyman Mikayılov çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən danışıb, ordu-xalq birliyinin nəticəsi olaraq mütləq qələbimizin həyata keçdiyini vurğulayıb.
Milli Məlisin deputatı Aydın Hüseynov çıxışında ordu quruculuğunun hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə təşkil olunan Naxçıvanski adına hərbi liseyin yaradılması ilə başlandığını və Prezident İlham Əliyevin sayəsində yüksək səviyyəyə qalxdığını deyib. Bunun nəticəsi olaraq Ordumuz müasir tələblərə cavab verərək torpaqlarımızı işğalçılardan azad etdiyini söyləyib.
Hərbi hissənin komandirləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.