İyun ayında ölkənin əsasən, şimal və qərb rayonlarında yağan intensiv leysan yağışları nəticəsində respublika çaylarında 13 daşqın və sel hadisəsi qeydə alınıb. Bu, son 20 ildə rekord göstərici olub.
"Unikal" xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Ən təhlükəli daşqın hadisəsi iyunun 10-da Daşkəsən rayonu ərazisindən axan Gəncəçay-Alaxançallı və iyunun 22-də Goranboy rayonu ərazisindən axan Gorançay-Yuxarı Ağcakənd məntəqələrində qeydə alınıb", - o deyib.
Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2016-cı ildə 9, digər illərdə isə orta hesabla 5-6 daşqın və sel hadisəsi qeydə alınıb:
"Dəyişən iqlim fonunda yağıntıların qeyri-bərabər paylanması daha qabarıq özünü göstərir.
Bəzi dövrlərdə quraqlıq daha uzun çəkir, bununla yanaşı lokal ərazini əhatə edən güclü yağış, bəzən bir neçə saat ərzində iki aylıq norma miqdarında düşür. Nəticədə sel-daşqın hadisələrinin təkrarlanması artır".
"Respublikada ayın sonuna kimi, dağlıq və dağətəyi rayonlarda lokal yağıntıların fasilələrlə müşahidə ediləcəyi, leysan xarakterli olacağı gözlənilir", - U.Tağıyeva əlavə edib.
Gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır. Maksimal temperatur paytaxtda 30-34 dərəcəni keçməyəcək.