Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, Bakı-Doha aviareysi ilə gedən Pakistan İslam Respublikası vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri əks olunub.
Bundan sonra həmin sərnişin steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama otağına dəvət edilib.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi geyim əşyaları boşaldılıb. Daha sonra çamadanın astarı, karton altlığı sökülüb və aşkar olunması çətinləşdirilmiş üsullardan istifadə etməklə çamadanın alt hissəsinə yapışdırılmış sellofan paket çıxarılıb. Baxış zamanı paketin içərisində gömrük nəzarətindən gizlədilən açıq qəhvəyi rəngli toz şəklində, kəskin qoxuya malik 4 kq 130 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.