"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
"Unikal" xəbər verir ki, hüquqi varis V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.
Şikayət ərizəsi artıq Ali Məhkəməyə təqdim edilib.
Xatırladaq ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də xəstəxanada vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.