Bu gün Türkiyənin TED Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
"Unikal" xəbər verir ki, qonaqları AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov qəbul edib. Görüşdə universitetin Ümumi işlər üzrə prorektoru Aqil Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, ST və MKS fakültəsinin dekanı Zakir Musayev və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova iştirak edib.
Qonaqları AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın adından salamlayan prorektor Akif Qasımov iki ölkə arasında olan qardaşlıq münasibətlərindən bəhs edib, 44 günlük Vətən Müharibəsi dövründə Türkiyənin bizə olan qardaşlıq münasibətini yüksək qiymətləndirib. Avropa, eləcə də Türkiyə universitetləri ilə işgüzar münasibətlərdən, ikitərəfli əməkdaşlıqlardan, ikili diplom layihələrindən və digər ortaq layihələrdən danışan prorektor AzMİU ilə TED Universiteti arasında da əlaqələrin qurulmasına hazır olduqlarını söyləyib. Universitetin tarixinə nəzər salan prorektor AzMİU-nun keçdiyi yoldan bəhs edib, təhsil ocağında mövcud olan fakültələr haqqqında qonaqlara geniş məlumat verib.
Nümayəndə heyətinə rəhbərlik edən TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlu Bakı şəhəri ilə bağlı təəsüratlarını paylaşıb, paytaxtın tam bir Avropa şəhəri olduğunu vurğulayıb. AzMİU ilə Türkiyə universitetləri arasında qurulmuş əməkdaşlıqları yüksək qiymətləndirən rektor rəhbərlik etdiyi ali məktəblə də əməkdaşlığın qurulması arzusunu dilə gətirib. Gələcək əməkdaşlıqların qurulmasında və ortaq layihələrin icra olunmasında üzərlərinə düşən bütün yardımları göstərə biləcəklərini qeyd edib. Görüşdə iştirak edən prorektorlar Levend Parnas və Güney Özcebe də təmsil etdikləri universitet, fakültə və ixtisaslar barədə məlumatlar paylaşıblar.
Görüşdə universitetlər arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, müllim-tələbə mübadiləsi, birgə layihələrlə bağlı təkliflər səsləndirilib.
Görüşün sonunda tərəflər bir-birinə simvolik hədiyyələr təqdim edib və xatirə şəkli çəkdirib.