Külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinn qarşısı alınıb.
"Unikal" xəbər verir ki, qaçaqmalçılıq faktı Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə dərman preparatlarının nəqliyyat vasitəsinin yük yerində gizlədilərək gətiriləcəyinə dair daxil olan məlumat əsasında aşkar edilib. Həyata keçirilən təcili və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq predmetlərinin “Mercedes Benz Actros” markalı yük nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənlləşdirilib və nəqliyyat vasitəsi nəzarətə götürülüb.
Nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna daxil olarkən Azərbaycan Respublikası vətəndaşı olan sürücü şifahi sorğu-sual edilib. O idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Lakin stasionar rentgen qurğusu vasitəsilə aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər müşahidə olunduğundan yükə baxış keçirilib və əməliyyat məlumatı təsdiqini tapıb. Belə ki, yükün içərisində gömrük nəzarətindən gizlədilən 120 qutu “Marlboro Touch” markalı siqaretlər və qutularda dərman vasitələri aşkar edilib. Daha sonra nəqliyyat vasitəsindəki yük boşaldılıb və döşəmənin taxta örtüyünün altında dərman vasitələrinin gizlədildiyi müəyyən olunub.
Ümumilikdə, nəqliyyat vasitəsindən 2400 ədəd siqaret və 7 adda külli miqdarda- üzərində “Devit-3 50.000 I.U./15 ml” yazısı olan 2010 flakon, üzərində “Devit-3 1 ml İ.M 300.000” yazısı olan 6400 ampula və həmin ampulaların boş qutuları, üzərində “Atarax 25 mgfilm kaplı tablet” yazısı olan 1170 qutu, üzərində “Kindan 600 mg/4ml IM/IV Enjeksiyonluk çözelti içeren ampul” yazısı olan 28 qutu, üzərində “Cyclo-Progynova 2mg+2mg/0.5 mgkaplı tablet” yazısı olan 11 qutu, üzərində “Diane 2mg/35 mcg kaplı tablet” yazısı olan 34 qutu, üzərində “Fucidin %2 krem” yazısı olan 6 qutu dərman preparatları və üzərində “Mirena” yazısı olan 46 ədəd tibbi vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.