Bu adlar haradandır? Xalqdan, yoxsa …


Salam Sarvan: “Sovet dövründən qalma bu ənənə hazırda yalnız bir neçə postsovet ölkəsində tətbiq edilir və həm də çox uğursuz formada…”

Ölkədə sovet dövründən qalan ənənələrdən biri də hansısa yazıçıya və yaxud rəssama, müğənniyə, müəllimə və s.-əyə verilən fəxri addır.

Və bu fəxri adlar sanki yağışdan sonra bitən göbələklər kimi günbəgün çoxalmaqdadır.

Məsələn, məlumata görə, Azərbaycanda ilk fəxri adlar tariximizin sovet dövründə təsis olunub. 1928-78-ci illərdə Azərbaycanda "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR xalq yazıçısı", "Azərbaycan SSR əməkdar elm xadimi", "Azərbaycan SSR əməkdar müəllimi", "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" kimi fəxri adlar təsis edilib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli fərmanı ilə 45 fəxri ad müəyyən edilib.

Bu da məlumdur ki, sovet dövründə digər fəxri adlar da var idi: Sovet İttifaqı Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana və s.

Oxucunu yadındadırsa, hətta bir sıra şəxslərə ölümündən sonra belə adlar verilmişdi.

Hazırda Azərbaycan Respublikasının aşağıdakı fəxri adlar verilir: xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim və s. və i.a.

Qeyd edək ki, fəxri ad almış şəxslərə buna görə, hər ay dövlətdən müxtəlif məbləğdə pul da verilir. Məsələn, hazırda “Xalq” fəxri adına (“Xalq artisti”) görə 50 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist”) görə isə 30 manat maddi vəsait verilir....
Maraqlıdır, görəsən, bu fəxri adlar hansı prinsiplər əsasında müəyyən edilir və kimlərə, nəyə görə verilir?

Deyək ki, mərhum xanəndə Xan Şuşinski və mərhum müğənni Yaşar Səfərov xalq artistləri idilər. Xan Şuşinskinin bu adla təltif edilməsi yerində idi və layiq idi. Bəs Yaşar Səfərov bu ada nə üçün layiq görülmüşdü? Axı onun səsi heç “Biləcəriyə də gedib çatmırdı”…

Şair Salam Sarvanın “Unikal”a bildirdiyinə görə, “Sovet dövründən qalma bu ənənə hazırda yalnız bir neçə postsovet ölkəsində tətbiq edilir və həm də çox uğursuz formada. Əsasən, Rusiya və Orta Asiya dövlətlərində… Sözün düzü, bu fəzxri adlartıən hansı özəlliklərə görə verilməsi mənim üçün də müəmma olaraq qalır və görünür, elə bu adlar həm də sənət baxımından müməmmalı adamlara verilir. Olduqca uğursuz bir ənənədir və gümçan edirəm ki, yaxın illərdə ləğv ediləcək”.

Şairin sözlərinə görə, “Dünyanın heç bir ölkəsində hökumət tərəfindən bu cür adların verilməsi kimi belə bir ənənə yoxdur. Amma Avropa ölkələrində, o cümlədən digər dövlətlərdə dövlət strukturlarına dəxli olmayan təşkilatlar müəyyən kriteriyalar əsasında sənətkarlara müəyyən adlar və yaxud mükafatlar təqdim edirlər.Və bu təqdimat mərasimindən əvvəl nüfuzlu ekspertlər mükafata layiq görülən əsərlər barədə sanballı rəylər verirlər. Hazırda dünya miqyasında təqdim edilən belə nüfuzlu mükafatlara misal olaraq Nobel mükafatını və yaxid Oskar mükafatını misal çəkə bilərəm. Və bu mərasimlərə dövlət strukturlarının heç bir dəxli və qarışmaq səlahiyyəti də yoxdur. Heç bir dövlərin mükafatı bu mükafatlarla müqayisə edilə bilməz”.

Sarvan sonda bildirdi ki, “Azərbaycanda da bu cür mükafatlar təqdim edən ictimnai birliklər və hətta media qurumları da var. Amma mənim müşahidələrimə görə, bu birliklərin təqdim etdikləri adlar və mükafatların müəyyən edilmə mexanizmi hökumətimizin anoloji təyinetmə prinsipindən çox az fərqlənir”.