Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri arasında Tbilisidə keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq, həmçinin Gürcüstanın Ermənistanla mehriban qonşuluq münasibətləri məmnunluqla qeyd olunub.

Regionda sabitliyin və sabit inkişafın təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb. Bu kontekstdə Gürcüstan tərəfi iki ölkənin XİN başçısının Tbilisiyə səfərini alqışlayıb, bölgədə sülh və sabitliyin təşviqinə hazır olduğunu bir daha vurğulayıb.

Məlumatda qeyd olunub ki, Gürcüstan gələcəkdə də regionun ümumi inkişafı naminə Azərbaycanla Ermənistan arasında oxşar formatda dialoqa ev sahibliyi etməyə hazırdır.

Nazirlik, həmçinin regionun sabit inkişafı naminə birgə səylərlə müxtəlif məsələlərin həllinə nail olunacağına, müsbət dinamikanın yaradılacağına və bölgənin potensialını inkişaf etdirməyin mümkün olacağına inamını ifadə edib.