Türkiyənin Ştutqartdakı baş konsulunun avtomobilinin yandırılması ilə bağlı Almaniyanın Ankaradakı səfiri Yurgen Şulsu Türkiyə Xarici İşlər Nazirliyinə  çağrılıb.

"Unikal" Hürriyetə istinadən xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, Yurgen iyulun 19-da Türkiyə baş konsulunun avtomobilinin yandırılması, partlayışlara səbəb olan və ətrafdakı digər avtomobillərə ziyan vuran hadisə ilə bağlı nazirliyə dəvət edilib.

“Türkiyə diplomatik missiyalarına və digər nümayəndəliklərinə qarşı hücumların artmaqda olan tendensiyasını xatırladan Xarici İşlər Nazirliyi günahkarların məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın diplomatik qaydalara uyğun olaraq ödənilməsinə ümid etdiyini bildirib. Şultsla görüşdə nazirlik həmçinin Almaniyanın Türkiyə diplomatik nümayəndəliklərinə verdiyi təhlükəsizliyin yenidən qiymətləndirilməsini istəyib.

Son illərdə Almaniyada və digər Avropa ölkələrində yanğınlar və günahsız insanların öldürülməsi də daxil olmaqla çoxsaylı hücumlar qeydə alınıb.