"Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində atəşkəsi pozması Azərbaycana qarşı ərazi iddiaları anlamına gəlir". 

Bunu "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu fəaliyyətlər vəziyyəti bir az da gərginləşdirir. 

"Azərbaycan bunun qarşısının alınması üçün kifayət qədər tədbirlər görür. Onların detallarını tam açıqlamaq istəməzdim. "Dəmir yumruq" artıq formalaşıb. Rusiya silahlı qüvvələrinin erməni silahlılarına səngər qazdırması, onların atəşkəs rejiminin pozulmasını görməzdən gəlməsi, sülhməramlıların Ağdam-Əsgəran yolu ilə silah qaçaqmalçılığı etməsi, hərbçilərimizin onların maşınlarını saxlayaraq geri qaytarması və s. məsələlər onu göstərir ki, Azərbaycan "Dəmir yumruğ"u işə salmadan həm sülhməramlıların, həm də erməni silahlılarının ağlı başına gəlməyəcək. Vəziyyət kifayət qədər gərgindir. Bunun da əsas səbəbi Rusiya sülhməramlılarının və Ermənistanın birgə bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir".

Ekspert qeyd edib ki, Rusiya sülhməramlılarına, erməni silahlılarına və eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinə müharibədən sonrakı dövrdə atəşkəs pozulmasının nə ilə nəticələndiyini dəfələrlə nümayiş etdirmişik:

"Onlar isə öz fəaliyyətləri ilə bizdən bunun təkrarlanmasını israrla xahiş edirlər. Düşmən olsalar da, onların bu xahişlərinə "yox" deməli deyilik. Növbəti dəfə Fərrux, Qaragöl, Alagöllər və s. kimi ərazilərdə həyata keçirdiyimiz fəaliyyətlərin miqyasını bir az da genişləndirib təkrarlamalıyıq.

Anar Kəlbiyev