Hərbi gəmilərin, təyyarələrin, dronların Ukraynadan müəyyən məsafəyə ərzaq ixracı üçün dəhlizə yaxınlaşması qadağan ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə BMT-dəki mənbə bildirib.

Onun sözlərinə görə, hər hansı təxribat və insidentlərin qarşısını almaq üçün dəniz humanitar dəhlizi ilə hərəkət edən gəmilərin hərəkəti tərəflər (Rusiya, Ukrayna, Türkiyə) tərəfindən məsafədən idarə olunacaq.

“Heç bir hərbi gəmi, təyyarə, pilotsuz uçuş aparatı dəniz humanitar dəhlizinə Birgə Koordinasiya Mərkəzinin razılaşdırdığı məsafədən daha yaxın, həmçinin mərkəzin icazəsi olmadan və bütün tərəflərlə əvvəlcədən məsləhətləşmədən yaxınlaşa bilməz”, - agentlikdəki mənbə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası, Ukrayna, Türkiyə müqavilədə iştirak edən bütün gəmilər üçün maksimum təhlükəsizlik zəmanəti verəcək. O bildirib ki, sazişin məqsədi Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl və əlaqədar ərzaq məhsulları və gübrələrin, o cümlədən ammiakın ixracı üçün təhlükəsiz naviqasiyanı təmin etməkdir.

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu taxıl ixracına dair İstanbul sazişinin imzalanmasından sonra keçirilən növbədənkənar brifinq zamanı Ukrayna taxılının ixracı üçün nəzərdə tutulan gəmilərdə silahların daşınması ilə bağlı yoxlamalar Qara dənizə giriş və çıxışda aparılacağını qeyd edib. 

“Rusiya, Türkiyə, BMT nümayəndələri və Ukraynanın imzaladığı sazişə uyğun olaraq İstanbulda dördtərəfli birgə koordinasiya mərkəzi yaradılır”, - Şoyqu bildirib.

Onun sözlərinə görə, koordinasiya mərkəzinin nümayəndələri Ukrayna taxılının ixracı ilə məşğul olan gəmilərin yoxlanılmasını təşkil edəcəklər. Nazir vurğulayıb ki, bu tədbirlərin keçirilməsində məqsəd odlu silah-sursatın qanunsuz daşınmasının qarşısını almaqdır.

Bundan əlavə, yüksək rütbəli məmur əlavə edib ki, silahların daşınması ilə bağlı yoxlamalar yalnız Qara dənizə giriş və çıxışda aparılacaq.

Qeyd edək ki, iyulun 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbula gəlib və orada dünya bazarlarına ərzaq və gübrələrin tədarükü ilə bağlı iki sənəd imzalanıb. 

Birinci sənəd memorandumdur. Bu, Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üçün BMT-nin cəlb edilməsini nəzərdə tutur.

İkinci sənəd Kiyevin nəzarətində olan Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı alqoritmini müəyyən edir. Şoyqunun sözlərinə görə, sonuncu Moskvanın təklif etdiyi alqoritmə əsaslanır ki, bu alqoritm digər şeylərlə yanaşı, kommersiya gəmilərinin Ukraynanın nəzarətində olan Qara dəniz limanlarına təhlükəsiz gedə biləcəyi dəniz humanitar dəhlizini də əhatə edir.

Moskva, Ankara, BMT nümayəndələri və Kiyevin İstanbulda imzaladığı sazişə uyğun olaraq, birgə dördtərəfli koordinasiya mərkəzi yaradılır. Onun nümayəndələri silahların daşınmasının qarşısını almaq üçün Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan gəmilərin yoxlanılması işini təşkil edəcəklər.