Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Unikal"a bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

***

13:21

Neftçala rayonunda tülküyə işgəncə verilib.

Hadisəni törədən Cəsarət Bayramov "Unikal"a açıqlamasında tülkünü bellə vurmasının səbəbi haqqında məlumat verib:

"Həmin tülkü mənim bostanıma girərək 100-ə yaxın qarpıza zərər vurub. Məhsulu yararsız hala salıb. Buna görə də onu bu üsulla ərazidən uzaqlaşdırdım. Etdiyim hərəkətin arxasındayam. Sözügedən video isə əsgər yoldaşım çəkib yayıb".

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov saytımıza bildirib ki, görüntülərlə bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Murad İbrahimli