İyun ayının 28-də bakıda intihar edən ginekoloq Xalidə Kəngərli ilə bağlı yeni detallar məlum olub.
Bu barədə "Unikal"a açıqlamasında həkimin qardaşı Elçin Vəliyev məlumat verib. O bildirib ki, son iki ilə qədər bacısının ailəsində vəziyyət qənaətbəxş olub:
"Bacımın həyat yoldaşının ailəsi mülkləri Rüfətin (Xalidə Kəngərlinin həyat yoldaşını nəzərdə tutur - red.) adına keçirməyini təkid edib. Rüfət mütəmadi olaraq içib və mülklər üstündə evdə münaqişə salıb. O içki içdikdən sonra dəfələrlə Xalidəni döyüb, bacıma müxtəlif xəsarətlər yetirib. Dəfələrlə ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün Xalidəni o evdən çıxarmışıq, lakin bir neçə gün sonra Rüfət bir daha belə etməyəcəyinə dair söz verərək barışmağa nail olub.
Xalidə son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotolarını göndərib. Bütün bu materiallar istintaqa təqdim olunub, lazım gələrsə, gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq. Hadisə baş verən günə qədər artıq qəti boşanmaları üçün qərara gəlinib, hətta hadisə günü Xalidə işdən sonra vəkili ilə görüşüb, boşanmaya dair bütün məlumatları vəkilə verib. Həmin gün evə gəlib bizə zəng etməli idi ki, gəlib onu götürək. Biz Xalidənin zəngini gözləyirdik, lakin Rüfətin zəng edib Xalidənin intihar etdiyini dedi. Burada böyük bir müəmma var. Ümid edirik ki, istintaqla bütün bu məsələlər aydın olacaq.
Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir. Həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı. Ekspertiza zamanı vəkilimiz də orada iştirak edib, Xalidənin bədənində döyülmə xəsarətləri çıxıb. Bu o deməkdir ki, Rüfət mütəmadi olaraq Xalidəni döyüb. Zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə Xalidəyə təzyiqlər göstərib, hətta ailəsi də mütəşəkkil olaraq birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər. Bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq. Düşünürük və inanırıq ki qısa zamanda bütün müəmma və suallara cavab ala biləcəyik", - deyə o əlavə edib.
Murad İbrahimli