Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin əmlaklarının dövlət nəfinə müsadirə olunması istənilib.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxışında bildirib.

Prokuror MTN generalının dəyəri 9 milyon manatdan artıq olan əmlaklarının müsadirə edilməsini xahiş edib. Həmin siyahıya M.Şıxəliyevin adına rəsmiləşdirilmiş dəyəri 2 milyon 600 min manatlıq olan Bakının Səbail və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar ;
M.Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş dəyəri 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;

M.Şıxəliyevanın oğlu Elşən Şıxəliyev və qızı Samirə Şıxəliyevanın adına rəsmiləşdirilmiş dəyəri 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar daxildir.

Xatıladaq ki, bu gün Bakı Hərbi Məhkəməsində çıxış edən prokuror Mövlam Şıxəliyevə 14 il həbs cəzası istəyib.

***

15:15

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Mövlam Şixəliyevin barəsində olan məhkəmə istintaqı başa çatıb.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Mövlan Şıxəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.

Xatırladaq ki, istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şıxəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(trend)