Heyvana işgəncə verən şəxslər 30 sutka həbs edilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Unikal"-a bildirib ki, ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.
Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub.
Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib.