“Qarabağ” növbəti avrokubok oyununu keçirib.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
“Sürix”lə İsveçrədəki görüş Qurban Qurbanovun yetirmələri üçün uğursuz başlayıb. Azərbaycan çempionunun kapitanı Maksim Medvedev erkən avtoqol müəllifi olub.
Buraxılan qoldan sonra rəqib qapısına hücumlar edən “Qarabağ” istəyinə ikinci hissənin əvvəlində çatıb. Rəqibin kobud səhvindən yararlanan Kadi Borqes meydan sahiblərini məyus edib.
Təmsilçimiz iki oyunun cəmindəki üstünlüyünü matçın uzatma dəqiqələrində əldən verib. Final fitinə 2 dəqiqə qalmış buraxılan top oyunu əlavə vaxta aparıb.
Birinci əlavə hissənin ortalarında “Qarabağ” bərabərlik qolunu vurub. Ovusu Kvabena İsveçrədə yenidən tarazlıq yaradıb – 2:2.
Bu, “Qarabağ”ın yeni mövsümdə ilk heç-heçəsi olub. Səfərdə əldə olunan bərabərlik Azərbaycan çempionunu III təsnifat mərhələsinə daşıyıb. Ötən həftə Bakıda 3:2 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin növbəti rəqibi bu gün keçirilən “Ferensvaroş” – “Slovan” duelində bəlli olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 2-3-də və 9-da keçiriləcək.