Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov Hacıqabul şəhərində Hacıqabul və Şirvan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
"Unikal" xəbər verir ki, qəbuldan əvvəl ASC-nin sədri Zaur Mikayılov və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Zaur Mikayılov Hacıqabul Suvarma Sistemləri İdarəsinin inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, su buraxıcı qurğuların tikilməsi, kanalların lildən təmizlənməsi, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.