Sosial şəbəkədə Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb. Həmin səs yazısında məktəb direktoru müəllimlərə Aşura mərasiminə heç bir şagirdin buraxılmaması ilə bağlı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, müzakirələrə səbəb olan səs yazısına deputat Fazil Mustafa sosial şəbəkədə hesabında münasibət bildirib.
Deputat qeyd edib ki, məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir:
“Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səsyazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar”.