Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür. Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu,Çeşməli kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edib və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunub.
"Unikal" xəbər verir ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoyub.
Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açlışı olmuş, bulağın qarşısına əklil və gül dəstələri qoyulub. Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin evini ziyarət edib.
Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilib.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.