Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Təhsil Nazirliyi arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Təhsil Nazirliyinin nümayəndələri “AzInTelecom” MMC-yə məxsus Yevlax Əlçatanlıq Zonasının bulud xidmətlərindən istifadə etməyə maraq göstərdiklərini bildiriblər. Nazirliyin rəsmi şəxsləri sistem və informasiya texnologiyaları infrastrukturunu yerləşdirmək istədikləri Əlçatanlıq Zonası ilə tanış olmaq üçün Yevlaxa səfər ediblər.
Səfər zamanı Yevlax Əlçatanlıq Zonasının texniki imkanları, həmçinin Təhsil Nazirliyinin sistem və infrastrukturunun miqrasiyası üçün yol xəritəsinin hazırlanması prosesi ətraflı müzakirə olunub.
Əlçatanlıq zonaları bulud xidmətlərinin göstərildiyi müxtəlif data mərkəzlərini əhatə edən təcrid edilmiş infrastrukturdur. “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi Əlçatanlıq Zonası şirkətin Bakıda yerləşən Data Mərkəzi kimi “Tier III” beynəlxalq uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22301”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatlarına malikdir.
Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən Yevlax Əlçatanlıq Zonasının bütün kritik infrastrukturu “1+1” prinsipi ilə inşa edilib. Konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib. Zonanın mobil tipli layihələndirilməsinin əsas üstünlüyü daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha etibarlı əraziyə daşınmasına imkan verir.
Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri, biznes həlləri, mərkəzləşmiş informasiya sistemləri və beynəlxalq səs trafiki xidmətləri təqdim edilir. Həmçinin müştərilər fövqəladə hallarda informasiya sistemlərinin fasiləsiz fəaliyyətini həyata keçirmələri üçün “DRaaS (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması)” xidməti ilə təmin olunur. Bununla da bizneslər təbii fəlakətlər və müxtəlif antropogen insidentlərin təsirindən daha çevik yayınacaq və daha yüksək dayanıqlılıq nümayiş etdirəcəklər.
Qeyd edək ki, “AzInTelecom” MMC-yə məxsus AZCLOUD Bulud Həlləri üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli xidmətlər təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” daxildir.