Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsində Şirinaz Təhməzovanın həyat yoldaşı Rasim Təhməzovdan boşanmasına və alimentin təyin edilməsinə dair iddiasına baxılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Ş.Təhməzova şikayətində bildirib ki, R.Təhməzovla 2004-cü ildə ailə qurub. İlk vaxtlardan xasiyyətləri uyğun gəlmədiyi üçün anlaşa bilməyiblər. Aralarında tez-tez mübahisələr olub. İddiaçı həmçinin bildirib ki, həyat yoldaşı tez-tez spirtli içki qəbul etdiyinə görə əsəb xəstəsi olub:
"Bir neçə dəfə narkoloji dispanserdə yatıb. Müalicə olunsa da, hər gün evdə dava salır. Evdə bir gün olsun belə sakitliyimiz yoxdur. Müalicələr belə ona müsbət mənada köməklik göstərmir. Artıq uşaqların da psixologiyasını pozub. Onların yanında məni döyüb, küçə söyüşləri ilə təhqir edir. Mən onun zaman keçdikcə düzələcəyinə ümid edirdim. Ailəmizin dağılıb, uşaqlarımın atasız böyüməsini istəmirdim. Artıq onun bu hərəkətlərinə dözə bilmirəm", - deyə o qeyd edib.
R.Təhməzov isə uşaqlar üçün ayda cəmi 100 manat aliment verə biləcəyini bildirib. Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxslərin nikahı pozulub və hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə isə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında aliment Rasim Təhməzovdan tutularaq Şirinaz Təhməzovaya ödəniləcək.
Murad İbrahimli