Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.
"Unikal" xəbər verir ki, müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən "Aqroservis" ASC İdarə Heyəti sədrinin müavini İlyas Həsənov bildirib ki, müsabiqənin məqsədi əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasından ibarətdir.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov qalibləri təbrik edərək bildirib ki, seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və biçin dövründə əldə edimiş nəticələr nəzərə alınıb.Həmkarlar İttifaqı bundan sonra da bu kimi müsabiqələrə dəstək göstərəcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Akif Təvəkküloğlu diqqətə çatdırıb ki, təmsil etdiyi qurum hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühiti yaratmağa çalışır. Belə bir müsabiqənin keçirilməsi aqrar sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinə, onları stimullaşdırmağa yönəlmiş bir addımdır.
Tədbirin sonunda taxıl biçininin təşkili prosesinə həsr edilmiş müsabiqənin qalibləri elan edilib. Ləman Ramazanova “Ən yaxşı mütəxəssis”, Usub Cavadov “Ən yaxşı mexanizator”, Ceyhun Musayev “Ən yaxşı mühəndis”, Rüstəm Qasımov “Ən yaxşı bölmə rəhbəri” nominasiyası üzrə qalib elan ediliblər. Qaliblər. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və pul mükafatları ilə təltif olunublar.