Avqustun 24-də Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsinndə xəsarət alan bir nəfər saat 12:20 radələrində TƏBİB-in tabeliyində olan xəstəxanaya yerləşdirilib.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 1964-cü il təvəllüdlü vətəndaşa (şərti adı A.C) açıq kəllə-beyin travması, baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsi üzərində kəskin subdural hematoma, sağ təpə nahiyəsində əzilmiş cırılmış yarası diaqnozları qoyulub.

Həkimlərin bütün səylərinə baxmayaraq xəstə saat 14:40 radələrində vəfat edib.

***

15:02

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

***

12:25

Bakıda ağır yol qəzası baş verib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Zığ şosesində baş verib. Bir neçə avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.