Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 50 hektar sahədə əsasən kol-kos və otluq ərazi yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində meşə zolağı yanğından mühafizə olunub.
Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.