Daxili İşlər Nazirliyi (DİN) Bakının Xəzər rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, avqustun 31-də saat 17 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Rüstəmov idarə etdiyi avtomobillə yolu keçən qəsəbə sakini A.Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Araşdırma davam etdirilir.

***21:41

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi  "Range Rover" markalı avtomobillə Xəzər rayonu ərazisində Buzovna -Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.